21 günün təəssüratları

Tərcümə işləri ilə bağlı iyulun 31-dən avqustun 21-dək ezamiyyətdə oldum. Azərbaycanın bir çox rayon və kəndlərində oldum. Bu müddət ərzində almanlarla birlikdə şimaldan vurub cənubdan çıxdıq yazsam yəqin yanılmaram. Çünki Zaqataladan tutmuş Lerikə kimi olduq. Almaniyadan həm gəzmək həm də kənd təsərrüfatı ilə maraqlanmaq, gələcəkdə bu sahədə elmi iş yazmaq istəyən iki alman gəlmişdi. Amma onlardan biri bu işi görəcəkdi. Onlarla əvvəl Gəncədə görüşdük, tanış olduq. Qərara gəldik ki, növbəti gün işimizə başlayaq. Ertəsi gün planlaşdırdığımız kimi Zaqatala rayonuna yola düşdük. Yay ayı olduğu üçün hava çox isti idi. Bu da təbii ki, işimizə bir az mane olurdu. Adətən adam olmadığı yerləri görmək üçün o anı səbirsizliklə gözləyir. Mənim üçün də belə oldu . Yol boyu bir neçə rayon keçməklə nəhayət gəlib, yam yaşıl Zaqatalaya çıxdıq. Burada ilk dəfədir ki, olurdum. Amma vaxtımız az olduğundan şəhəri gəzə bilmədik. Avtovağzalın qarşısında düşdük. Xəritəmiz olduğundan hansı kəndə gedəcəyimizi müəyyənləşdirmək istədik. Əvvəl taksi sürücüsünün təklifi ilə Car kəndinə getmək istədik. Amma sonradan məlum oldu ki, orada sanatoriya var. Taksi sürücüsünə gəlişimizin məqsədi istirahət yox, işləmək olduğunu bildirəndən sonra fikri dəyişdi. Biz elə kənd seçmək istəyirdik ki, rayon mərkəzindən bir qədər aralı olsun. Kəndlərin sayı çox olduğundan təxminən 20-25 km aralıqda yerləşən Mamrux kəndinə getməyi qərara aldıq. Kəndə gedən yolda hətta bir qarpız da aldıq. Almaniyada dostumun və almanların dediyinə görə təxminən 1 kq 40 qəpik olan qarpızın dadı yoxdur, su dadır. Ona görə də aldığımız qaprızımızın dadından almanlar ləzzət alıb bəh bəhlə yeyəcəkdilər 😛 Təxminən 30 dəqiqədən sonra Mamrux kəndinə çatdıq. Qalmağa təbii ki, yer axtarmalı idik. Kənd ağsaqqallarından olan Məhəmməd dayı bizə köməklik etdi. Beləki o bizə Dağıstanda yaşayan qardaşının evində qalmağı bizə təklif etdi. Ev boş idi və çoxdandır hiss olunurdu ki, heç kəs yaşamayıb. Yemək hazırlamağa şərait olmadığından o evdə qalası olmadıq. Yaxınlıqda yerləşən evə getdik. Həmin ev isə böyük idi və ailə yaşayırdı. Ev yiyəsi ilə qiymət məsələsində bir qədər uzun çəkən söhbətdən sonra razılaşdıq.

Zaqatala

Bilirsiniz ki, Zaqatalada bir neçə millət yaşayır. Gəldiyimiz Mamrux kəndində isə qaldığımız ailə də daxil olmaqla kənd əhalisinin bir çoxu saxor millətindən idi. Özlərinin dilləri var idi. Bir birləri ilə də saxorca danışırdılar. Orada qaldığımız müddətdə bir neçə saxor sözü öyrəndik. Misal üçün saxorca kxeo-duz, şan-su deməkdir.

Mamrux kəndi, Alban abidəsi II-IV əsrlər

Mamruxda bir neçə ailədə olduq. Əkin sahələrinə baxıb, müsahibələr aldıq. Almanları maraqlandıran əsasən tərəvəzçilik olduğundan kartof, lobiya, xiyar, pomidor, qarğıdalı, çuğundur, və.s idi.

Bundan başqa Məhəmməd dayının oğlu Sabirlə 4 gün ardıcıl olaraq Qara çayda balıq tutmağa da getmişdik. Gərgin işdən sonra balıq tutmağım həm stressimi azaltdı həm də bundan həzz aldım. 

Tutduğumuz balıqlar . Balaca olsa dadlı idi 🙂

Ən yadda qalan müsahibə Şəmsəddin babagildə oldu. Belə ki, 90 yaxın yaşı olan baba ikinci dünya mübaribəsi veteranı idi. Onunla görüşmək həm almanlara həm də mənə maraqlı idi. Getdik, bizi qonaqpərvərliklə qarşıladılar. Babanı soruşduq, dedilər ki, oruc tutub, yatır. Bir az keçmişdi ki, uzaqdan babanın gəlişini gördük. Bizimlə salamlaşdı və yanımızda oturdu. Söhbət elədi ki, o vaxt mən almanlara Kursk döyüşündə əsir düşmüşəm. Əsirlikdə olmasına baxmayaraq almanlar haqda müsbət fikirdə idi. Danışırdı ki, 2 ildən çox əsirlikdə olsamda mənə çox yaxşı baxırdılar. Ara sıra bir neçə alman sözlərini də yadına salırdı. Hətta almanlar o vaxt babaya orada qalmağı ona təklif də ediblərmiş. Amma baba vətənə qayıtmağı üstün tutub. Sonradan əsir düşdüyünə görə hərbi tribunal verilmək üçün sorğu sual olunub, və bildirəndə ki, Kursk döyüşündə olub, babanı sərbəst buraxıblar.

Kəndə işimizi yekunlaşdırandan sonra Dağıstanla sərhəddə yerləşən Cimcimax kəndinə getmək istədik. Oraya gediş müəyyən qədər məhdud olduğundan 3 nəfərə iki at götürüb, yola düşdük. Təxminən 10 km uzaqlıqda yerləşən kəndə 4 saata gedib çıxdıq. Amma bizi kəndə gedən yolda iki sərhədçi əsgər qarşıladı. Haraya getdiyimizi soruşdular. Daha sonra almanlardan pasportlarını istədilər. Daha sonra bizim gəlişimiz haqda komandirinə məruzə elədi. Komandir də dedi ki, gözləyin gəlirəm. Bir az keçmişdi ki, komandir gəldi. Sənədlərə baxdı daha sonra isə mənim şəxsiyyət  vəsiqəmi istədi mən də təqdim etdim. Sonra palkovnikə zəng edib bizim haqqımizda ona məruzə elədi. Danışıb qurtardıqdan sonra gözləyin, indi cavab verəcək. Təxminən 20-25 dəqiqə keçir, hələ bir cavab yoxdur. Daha bir o qədər də gözlədik yenə bir nəticə olmadı. Uzun yol gəldiyimizdən və su götürmədiyimizdən yaman susamışdıq. Daha sonra kapitana bildirdim ki, nə oldu bəs bir xəbər yoxdur. Nə qədər gözləmək olar? O da yenidən zəng elədi. Bir qədər həmin adamla danışandan sonra bizim Cimcimaxa getməyimizin mümkünsüz olduğununu dedi 😦 Səbəbini soruşduqda Dövlət Sərhəd Xidmətindən və Ekologiya Nazirliyindən icazə arayışı alınmalı olduğunu dedi. Əslində bu gülməli səbəb idi. Heç səbəb də deyildi. Alman isə bildirdi ki, əgər elədirsə onda burada sizdən alaq o isə bunu ancaq arayışın Bakıda almaq olduğunu bildirdi. Daha sonra soruşdum ki, mənə də kəndə getməyə icazə yoxdur?! O isə sən gedə bilərsən almanlar isə, yox…Təbii ki, belə olan təqdirdə mən də tək gedəsi deyildim. Nə isə. Kor peşman gəldiyimiz yolu geri qayıtmaq məcburiyyətində qalmalı olduq. Sağollaşanda isə ona „qonaqpərvərliyə“ görə çox sağ ol deməyi də unutmadım.

Cimcimax kəndinə aparan yol

Mamruxda daha iki gün qaldıqdan sonra Oğuza daha doğrusu Calut kəndinə yola düşdük. Əvvəlcə avtobusla Şəkiyə getdik. Vaxtımız yenə az olduğundan orada gəzə bilmədik. Fürsət düşmüşkən almanlara Şəki halvası almağı məsləhət gördüm. Şəkidə olduğum vaxtlarda bir neçə dəfə aldığım orada daha yaxşı tanınan Əli Əhmədin dükanına getdik. Halvanı almamışdan qabaq birlikdə dadına baxdıq. Xoşlarına gəldi, gəlsənə bir gəlməsin? 😀 Mən və onlar iki halvadan alıb, yağışlı havada Caluta doğru istiqamətləndik. Təxminən 45 dəqiqədən sonra kəndə çatdıq. Bir neçə ay bundan da bu kəndə olmuşdum. Ona görə də  buralara bələd idim. Burada olmağıma və tanışlarımla yenidən görüşəcəyimə sevinirdim 🙂 İlk gəlişimdə ilk tanıdığım adamlarla görüşdük və onlardan birinin evində 3 gün qaldıq. Burada da işimizi yekunlaşdırandan sonra Oğuzun başqa bir kəndi olan Xalxala üz tutduq. Hər iki kənd bir birindən seçilirdi. Misal üçün Calutdan fərqli olaraq bulaqlar çox idi. Bundan başqa orada böyük, yaşlı ağaclar yox idi. Hər halda belə başa düşmək olardı ki, Xalxal daha qədim kənddir. Burada çox böyük Şabalıd ağacları var idi. Hansıki yaşları 300 ili ötüb keçmişdi. Əvvəlki evlərdən fərqli olaraq bu dəfə Xalxal da boş bir ev kirayələdik.

Xalxal, kirayələdiyimiz ev

Burada da bir neçə ailədə olduq, tanış olub, bağlara baxıb, müsahibə götürdük. Xalxalda hətta bir evdə banan bitdiyini də gördük 🙂

Xalxal, Banan bitkisi

Bundan başqa Xalxalda kiçik süni Farel balıqartırma təsərrüfatında də olduq. Çox maraqlı idi. Maraq üçün qeyd edim ki, balığın 1 kq 10 AZN idi. Yolunuz ora düşsə, balıq almasanızda baxmağa mütləq gedin.

Xalxal, Farel balıqartırma təsərrüfatı

Növbəti dayanacağımız Qəbələdən keçməklə Lahıca oradan da Zarata olmalı idi. Yolda bir az Nohur gölün gözəlliyindən həzz alıb, nahar edib, yolumuza davam elədik.

Qəbələ, Nohur gölu

Beləcə bir müddətdən sonra Lahıca çatdıq. Burada da ilk dəfədir olurdum. Heç təsəvvür belə etməzdim ki, bura bu qədər yerli, əcnəbi turist axını ola bilər. Bir anlıq Lahıcı İçəriçəhərə oxşatdım. Burada gəzdik, şəkillər çəkdik. Misgərliklə məşğul olunan emalatxanalara baxdıq. 

Lahıc, Misgərlik alətləri

Lahıc, təmir olunan məscid

Daha sonra yolumuz planlaşdırdığımız kimi İsmayıllının ucqar kəndlərindən biri olan Zarata oldu. Hələ Lahıcda olanda oranın sakinləri bizə bildirdilər ki, Zarata gedən yol yaxşı deyil, daşlıqdır. Ora Niva markali maşınla yola düşdük. Bir saatdan sonra Zarata çatdıq. Xəritədə ərazisi böyük görünən Zaratı gördükdə təəccübümüzü gizlədə bilmədik. Cəmi bir neçə ev var idi. Sonra sakinlərdən öyrəndik ki, əvvəllər 115 ev olub, indi isə cəmi 5 ev qalıb. Sel nəticəsində evləri dağılmış adamlar tədricən köçməyə başlamışlar. Əvvəl qalmağa ev tapa bilmədik, daha doğrusu tapdıq amma baha olduğundan razilaşa bilmədik. Belə olduqda çıxış yolu kimi gecələməyə yaxınlıqda yerləşən Zaratdan evlərin sayına görə çox olan Çəndəhar kəndinə getdik. Amma orada da təəssüf ki, qalmağa yer olmadığından geri Zarata qayıtdıq. Biz qalmağa yer axtardığımız müddətdə orada olan qonaqlardan bir nəfər əvvəl razılaşmadığımız adamı bizə baha dediyinə görə necə tənbeh etmişdisə hələ dediyi qiymətdən də aşağı qalmağımiza razılaşdı. Beləcə 1 gün qaldıq, bir neçə bağa baxdıq, işimizi gördük. Yeri gəlmişkən burada ilk dəfə Zəfəran əkildiyini gördüm. Elə özünü də ilk dəfə idi ki, görürdüm. Hətta bir neçə toxumunu da götürdüm ki, öz bağımızda yazda əkim.

Zəfəran bitkisi

Ertəsi gün isə geri qayıtmalı idik. Qərara gəldik ki, piyada gedək. Bunun  üçün iki yolumuz var idi, ya gəldiyimiz dərəli təpəli yolla ya da ki, Girdimançay yolu ilə getməli idik. Fikirləşdik ki, çay yolu tez və asan olar. Elə də etdik. Əvvəl düşündük ki, çay qurudur, tez gedib çatacağıq. Amma bir az getdikdən sonra yanıldıq. Belə ki, yolun müəyyən hissəsi keçilən olsada irəlidə bizi çətinliklər gözləyirdi. Çünki çayın güclü axını bunu deməyə əsas verirdi. Uzun 4 saatlıq yol qət etsəkdə doğrudan da həzz aldıq. Ekstremal anlar yaşadıq 🙂  Çayın yanında, dağın ətəyində kiçik bir kəndlə rastlaşdıq bu Dvoryan kəndi idi. Bir az irəli gedəndən sonra isə köhnə evlə rastlaşdıq. Əslində isə sən demə bu köhnə dəyirman imiş…Sonra Zaratda tanış olduğumuz olan Tahirlə əlaqə saxladım ki, yolumuza necə davam edək. O isə dəyirmanın yanından yuxarı getməli olduğumuzu dedi. Biz də bir az yuxarıya doğru getdik. Amma ətrafda qoyunlardan, keçilərdən başqa heçnə görmədik. Qərara gəldim ki, üzü yuxarı bir az da gedim. Bir az getmişdim ki, bir yaylaqla rastlaşdım. Orada olan bir neçə uşaqlardan Həftəsoy kəndini soruşdum o isə əli ilə budur buradadır, yaxınlıqdadır, dərənin o tərəfindədir dedi. Sonra Tomas gəldi və ona bildirdim ki, kənd yaxınlıqdadır. Bu arada da Yulia özünü yorğun və ayağında ağrı olduğundan aşağıda gözləməli oldu. Sonra o uşaq ona gəldiyimiz yolla yox, onun yanı ilə olan cığırla aşağı getməyi bildirdi. Sonra biz ayrıldıq o aşağıya mən isə üzü Həftəsoy kəndinə doğru getdim. Danışdıq ki, kənddə görüşək. Bir az getdikdən sonra kölgəlikdə istirahət etmək qərarına gəldim. Sonra yoluma davam elədim. Bir az getdikdən sonra kəndin qədim qəbirstanlığına çatdım. Alça ağacının altında yaşlı bir kişi oturmuşdu. Onunla tanış olub, söhbət etdik, gəlişimizin məqsədini dedim və imkan olarsa bu kənddə bir gecə qalmağı söylədim. O isə bu kənddə qalmağa yer olmadıgını dedi. Təxminən 1 saat keçmişdi ki, almanlar uzaqdan göründülər. Tomas yorulduğundan qəbirstanlığın aşağısında yolun kənarında gözləməli oldu. Yulia gəldi və biz birlikdə kəndə yollandıq. Bir neçə evə baş çəkdik, amma qalmağa yer tapa bilmədik. Daha sonra yaxınlıqdakı kəndə getməyi fikirləşdik sonra fikrimizi dəyişib Lahıca getməyə qərara gəldik. Lahıc Həftəsoydan təxminən 4-5 km uzaqlıqda yerləşirdi. Uzun piyada yolundan sonra gəlib Lahıca çatdıq və bir gecə burada qaldıq.  Səhərisi gün bizi cənuba Lənkərana uzaq bir yol gözləyirdi…

Lahıc-İsmayıllı-Qaraməryəm-Göyçay-Kürdəmir-Ucar-İmişli-Qızıl kənd marşurutu ilə 7 saata yaxın yol qət etdik. Hava qaranlıqlaşırdı, vaxt az olduğundan İmişlinin Qızıl kəndində gecələdik. Hələ İmişlidə mehmanxananın yanında tanış olduğumuz Rəhim dayı bizə burada qalmağı məsləhət gördü amma mehmanxananın sahibi olmadığından bir qədər gözlədikdən sonra öz evində qala biləcəyimizi soruşduq. O isə bizim sualımızı müsbət qarşıladı. Amma bildirdi ki, mən işdən saat 22:00 da çıxıram. Bizim gözləməyimizi məqsədəuyğun görmədi və biz onun öz maşını ilə Qızıl kəndə yollandıq. 30-40 dəqiqədən sonra Rəhim dayı bizi ünvana, yaşadığı evə gətirdi. Sonra isə özü geri İmişliyə iş yerinə geri döndü. Bir gün gecələdik. Rəhim dayının anası ilə sühbət edəndə bildirdi ki ,bir neçə il bundan qabaq da İrandan qonaqları olub. Ailə bizdən qalmağımıza görə pul da götürmədi. Yeri gəlmişkən Rəhim dayının həyat  yoldaşı əslən Gəncədən idi.

Səhərisi Qızıl kəndi tərk edib, taksi ilə Biləsüvara oradan isə avtobusla Lənkərana getdik. Avtobusda diqqətimi milli qəhrəman Mübariz İbrahimovun iki vurulmuş şəkli çəkdi. Təəssüf ki, vaxtımiz məhdud olduğundan onun anadan olduğu Əliabad kəndinə getməyə ailəsinə baş çəkmək imkanım olmadı 😦

Növbəti və sonuncu dayanacağımız Lənkəran olmalı idi. Amma sonra Lənkəranın kəndinə yox Lerikin Əliabad kəndinə getməyi qərara gəldik. Əvvəlcə nahar etdik. Sonra taksi ilə ora getməyə razılşdıq. Yolda məlum oldu ki, sən demə iki Əliabad var imiş, biz getmək istədiyimiz aşağı taksi sürücüsü isə yuxarı Əliabad kəndini nəzərdə tuturmuş… Anlaşılmazlıq olduğundan Piran kəndində maşını saxlatdıq. Əliabadın yolları yaxşı olmadığından maşınlarda ora baha qiymətə apardığından fikrimizi dəyişib başqa bir kəndə Zərigümacoya getdik.

Lerik, Zərigümaco kəndi

Orada isə yenə Xalxal da olduğu kimi boş bir ev kirayələdik. Hətta Layka adlı itimiz də var idi, gecələr qaldığımız evi mühafizə edirdi. Burada isə 2 gün qaldıq, maraqlı müsahibələr etdik. Avqustun 19 da işimizi tamamilə yekunlaşdırıb, istirahət etmək qərarına gəldik. Əvvəl Lənkərana oradan isə Xəzər dənizinə yaxın olan Nərimanabad kəndinə yollandıq. Burada da bir gün qaldıq. Gecə dənizdə çimdik. Qaldığımız ev dənizə yaxın olduğundan gecə yaman çox ağcaqanad var idi. Baxmayaraq ki, həmin gecə güclü yağış da yağmışdı. Beləcə iyulun 31-dən başladığımız işimiz avqustun 20 də Bakıda yekunlaşdı.

Belə demək olarsa bu iş mənim üçün həm ziyarət həm də ticarət oldu. Həm gördüm həm də qazandım. Bu günlər ərzində olmadığım, rayon, kəndlərdə tanımadıgım gözəl insanlarla tanış oldum. 21 günün təəssüratları hələ yaddaşımda çox qalacaq.

P.S. Bilirəm yazı uzun oldu amma nəzərə alın ki, 21 gün də az deyil 🙂

Advertisements

27/08/2011 tarixində Təəssüratlar içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Bəyəndim! 🙂 21 günün çox maraqlı keçibmiş! 🙂

  2. Cəlal Davudov, Mamrux kəndindən

    Yaşar salam millətimizin adını səhv yazıbsan axı xahiş edirəm onu düzəlt Zaqatalada Mamrux kəndində saxurlar yaşayır çaxorlar yox orda səhv veribsən.

  3. Salam Cəlal, səhvi düzəltdim. Diqqətinə görə təşəkkür edirəm 🙂

  4. Cəlal Davudov, Mamrux kəndindən

    dəyməz

  5. Bə tualetə getmədiz? 🙂 Bu haqda niyə bir kəlmə olsun yazmamısan?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: